Azərbaycan güləşinin tanınmış simaları Füzulidə gənc idmançılarla görüşüblər
- 17 dekabr, 2025
- 15:32
Azərbaycan Güləş Federasiyasının (AGF) keçirdiyi "Güləş Qarabağda" kampaniyası başa çatıb.
"Report" AGF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyilə təşkil edilən kampaniyanın son dayanacağı Füzuli olub.
Azərbaycan güləşinin tanınmış simaları bu rayonun IV Qayıdış qəsəbəsində yerləşən güləş zalında yeniyetmə və gənc idmançılarla görüşüblər.
Onlar gələcəyin pəhləvanlarını daim əzmkarlıq nümayiş etdirməyə, mübariz, nizam-intizamlı olmağa və yüksək hədəflərə doğru inamla addımlamağa səsləyiblər. Federasiyanın inventar dəstəyi ilə fəaliyyətini davam etdirən güləş zalının məşqçisi Vüsal Eminov öz növbəsində AGF-yə və titullu güləşçilərə təşəkkürünü bildirib, bu görüşün gənc nəsilə böyük motivasiya olduğunu qeyd edib. Daha sonra yeniyetmə və gənc güləşçilərə federasiyanın hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.
Bununla da "Güləş Qarabağda" kampaniyasına yekun vurulub. Kampaniya çərçivəsində nümayəndə heyətinin iştirakı ilə Xankəndi, Laçın, Şuşa və Füzulidə təbliğat-təşviqat xarakterli tədbirlər keçirilib.
Qeyd edək ki, kampaniyanın məqsədi işğaldan azad edilmiş torpaqlarda güləşimizi təbliğ etmək, populyarlığını artırmaq, maariflənməni genişləndirmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdən ibarət olub.