“SOCAR Polymer” hesabına ötən il 22,7 milyon dollarlıq idxal əvəzlənib

Energetika
  • 02 mart, 2022
  • 12:42
“SOCAR Polymer” hesabına ötən il 22,7 milyon dollarlıq idxal əvəzlənib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Polymer” müəssisəsi 2022-ci ildə 237 min ton məhsul istehsalı proqnozlaşdırır.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR Polymer” müəssisəsinin 2021-ci il üzrə açıqladığı əsas iqtisadi göstəricilərdə deyilir.

Bildirilir ki, bu, 2021-ci il ərzində istehsal olunan məhsul həcmindən 31,8 min ton və ya 15,5 % çoxdur.

Belə ki, “SOCAR Polymer” ötən il ərzində 205,2 min ton məhsul istehsal edib ki, bu da 2020-ci illə müqayisədə 44 % çoxdur.

Ötən il müəssisənin ümumi ixracı 175,3 min ton təşkil edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 38 % çoxdur.

2021-ci idə müəssisənin ixrac gəlirləri 258,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 2,5 dəfə çoxdur.

2021-ci ildə “SOCAR Polymer”in istehsalı hesabına 22,7 milyon ABŞ dollarlıq idxal əvəzlənib. “SOCAR Polymer”in ixracı ölkəyə analoji məhsulların idxalını 281 milyon ABŞ dolları üstələyib. Ötən il ölkə üzrə qeyri-neft ixracının 9 %-dən çoxu “SOCAR Polymer”in payına düşüb.

Şirkətin məhsulları əsasən Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna və Çin bazarlarına ixrac edilib.

Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.