Kabildə otel partlayışında azı yeddi nəfər ölüb - YENİLƏNİB
- 19 yanvar, 2026
- 19:51
Əfqanıstandakı bir oteldə baş vermiş partlayışda azı yeddi nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış Kabilin mərkəzində yerləşən otellərin birində qeydə alınıb.
Kabil polisinin mətbuat katibi Xalid Zadran bildirib ki, otel böyük ofis binalarının, ticarət mərkəzlərinin və səfirliklərin olduğu Şahr-e-Nau kommersiya rayonunda yerləşir. Bu rayon əfqan paytaxtının ən təhlükəsiz yerlərindən biri hesab olunur.
"Hazırda xəstəxanamıza 20 nəfər gətirilib. Yaralılar arasında dörd qadın və bir uşaq var", - Əfqanıstandakı EMERGENCY humanitar qrupunun direktoru bildirib.
Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Hakimiyyət orqanları araşdırmalar aparırlar.
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
"Report" "Al-Arabiya"ya istinadən xəbər verir ki, məlumat "Taliban" hökumətinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.
Partlayış Şahr-e-Nau rayonunda baş verib, ölənlərin və yaralananların dəqiq sayı, eləcə də partlayışla bağlı digər təfərrüatlar açıqlanmayıb.
"İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və yaralanıb", - DİN-in mətbuat katibi Əbdül Matin Kani bildirib və əlavə edib ki, təfərrüatlar sonra təqdim ediləcək.
Şahr-e-Nau rayonunda çox sayda xarici vətəndaş yaşayır, bu rayon Kabildə ən təhlükəsiz rayonlardan biri hesab olunur.