Şannon Slokum: "Enerji keçidi fonunda neft və qazın rolu azalmayacaq"

Energetika
  • 25 noyabr, 2025
  • 12:27
Şannon Slokum: Enerji keçidi fonunda neft və qazın rolu azalmayacaq

Dünyada enerji keçidi fonunda neft və qazın rolu azalmayacaq.

"Report" xəbər verir ki, bunu "Halliburton" şirkətinin Şərqi yarımkürə üzrə prezidenti Şannon Slokum Bakıda keçirilən "SPE Xəzər Texniki Konfransı"nda bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin 1 milyard nəfəri ildə adambaşına orta hesabla təxminən 13 barel neft istehlak edir: "Qalan 7 milyarddan çox insanın illik istehlakı isə cəmi 3 barel səviyyəsindədir. Aşağı istehlak səviyyəsinə malik ölkələrdə iqtisadi inkişaf sürətləndikcə, bu göstəricinin yüksəlməsi qaçılmaz olacaq".

Ş. Slokum inkişaf etməkdə olan ölkələr üçün enerji əlçatanlığının hələ də ciddi çağırış olaraq qaldığını vurğulayıb: "Biz övladlarımıza gündüz işığı söndürməyi öyrətməyə çalışırıq, amma dünyanın bəzi yerlərində insanlar hələ də yemək bişirmək üçün yanacaq tapmaqda çətinlik çəkir. Onlarda sadəcə bir düymə ilə işığı yandırmaq belə lükstdür."

Şirkət rəsmisi "Halliburton"un Azərbaycandakı fəaliyyətinə də toxunub: "Azərbaycandakı əməkdaşlarımızın 94–95 %-i yerli mütəxəssislərdir. Liderlik komandasının təxminən 70 %-i də azərbaycanlılardan ibarətdir".

Ş. Slokumun sözlərinə görə, şirkət milli kadrların inkişafına xüsusi diqqət ayırır: "Onları universitetdən sonra dünyanın müxtəlif təlim mərkəzlərinə göndəririk, süni intellekt və yeni texnologiyalar üzrə bacarıqlarını gücləndiririk. Daha sonra onları müxtəlif ölkələrdə işə cəlb edir və təcrübə qazandıqdan sonra geri qaytarırıq".

Natiq vurğulayıb ki, neft-qaz sənayesinin gələcək inkişafı iki əsas faktora söykənir - insan kapitalı və texnologiya: "Sənayenin keçdiyi yol çox həyəcanvericidir. Xəzər regionu böyük potensiala malikdir və inanıram ki, yerli kadrlarla qabaqcıl texnologiyaların sintezi bu potensialı daha da gücləndirəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti