Özbəkistan və Azərbaycan "Üstyurd" layihəsi üzrə əməliyyat şirkəti yaradıblar

Energetika
  • 04 dekabr, 2025
  • 19:23
Özbəkistan və Azərbaycan Üstyurd layihəsi üzrə əməliyyat şirkəti yaradıblar

Özbəkistanın paytaxtı Daşkənddə SOCAR ilə birgə Üstyurd regionu üzrə hasilatın pay bölgüsü sazişinin (MBS) həyata keçirilməsi üçün yaradılmış "Ustyurt Operating Company" əməliyyat şirkətinin ofisinin təntənəli açılış mərasimi keçirilib.

Bu barədə "Report"a "Özbəkneftqaz" Səhmdar Cəmiyyətindən məlumat verilib.

"Bu hadisə enerji sektorunda təşəbbüslərin reallaşdırılmasında və Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində mühüm addım oldu", – şirkətdən qeyd edilib.

"Özbəkneftqaz" vurğulayıb ki, "Ustyurt Operating Company" ofisinin açılması layihənin aktiv fazaya keçdiyini göstərir.

"Qısa müddətdə hasilatın pay bölgüsü sazişi təsdiqlənib, əməliyyat şirkəti təsis olunub, qeydiyyatdan keçirilib, peşəkar komandalar formalaşdırılıb və zəruri icazə sənədləri alınıb. Hazırda yataqda geoloji-kəşfiyyat işlərinə hazırlıq başlanıb", – şirkətdən bildirilib.

"Özbəkneftqaz" qeyd edir ki, "Ustyurt Operating Company" ölkənin resurs bazasının genişlənməsinə, geoloji-kəşfiyyat işlərinin səmərəliliyinin artırılmasına və uzunmüddətli enerji sabitliyinin təmin olunmasına töhfə verəcək.

Şirkətin əsas vəzifələrinə müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və sahənin davamlı inkişafı daxildir.

"Bu layihə ikitərəfli əlaqələrin genişlənməsi üçün möhkəm əsas yaradır. Təşəbbüs çərçivəsində formalaşdırılan yeni idarəetmə və əməkdaşlıq mexanizmləri hər iki ölkənin maraqlarına cavab verəcək. Ofisin açılışı tərəfdaşlığın institusional bazasını möhkəmləndirir və layihənin növbəti mərhələlərinin uğurlu həyata keçirilməsi üçün əlverişli zəmin yaradır", – "Özbəkneftqaz" vurğulayıb.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Özbəkneftqaz" SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini (HPBS) imzalayıblar.

HPBS Üstyurdun altı investisiya blokunda – Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboyda kəşfiyyat, işlənmə və hasilatı nəzərdə tutur. SOCAR geoloji-kəşfiyyat işləri mərhələsində operator qismində çıxış edəcək. Sənədə əsasən, ilkin beşillik dövr ərzində axtarış-kəşfiyyat işlərinin aparılması və ən azı bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Şərtlərə görə, ən azı 1 000 kvadrat kilometr ərazidə 3D seysmik kəşfiyyat aparılacaq.

Proqnozlara görə, Üstyurd bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq aşkar edilə bilər. Layihə işə düşdükdən sonra Ustyurt platosunda ildə 5 milyon ton neft hasil etmək imkanı yaranacaq. Layihəyə ümumi investisiyalar 2 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

"Özbəkneftqaz" SC-nin İdarə Heyətinin sədri Baxodirjon Sidikov Report-a verdiyi müsahibədə bildirib ki, Üstyurd regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlanması 2026-cı ilin birinci rübünə nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti