Gürcüstan və Türkiyə Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə ediblər
- 04 dekabr, 2025
- 19:53
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidanla Orta Dəhlizin inkişafı kontekstində iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadənin vacibliyini müzakirə ediblər.
"Report"un Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş ATƏT-in 32-ci Nazirlər Görüşü çərçivəsində baş tutub.
"Hakan Fidan gürcü həmkarına Türkiyə hərbi təyyarəsinin qəzası ilə əlaqədar verdiyi dəstəyə və səylərə görə təşəkkür edib. Gürcüstan və Türkiyə arasında güclü strateji tərəfdaşlıq və intensiv ikitərəfli əməkdaşlıq təqdir edilib. Həm yüksək səviyyədə, həm də müvafiq nazirliklər arasında aktiv səfər mübadiləsinə xüsusi diqqət yetirilib. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasının keçirilməsinin vacibliyi qeyd edilib", - deyə bəyanatda bildirilir.
Bundan əlavə, xarici işlər nazirləri ticarət və iqtisadi əməkdaşlığı müzakirə ediblər və beynəlxalq tranzit və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açan Orta Dəhlizin inkişafı kontekstində iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadənin vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd ediblər və əsas regional təşəbbüslər üzrə addımları əlaqələndirməyə davam etməyə hazır olduqlarını təsdiqləyiblər.