"Moody's": Mərkəzi Asiya və Qafqaza "təmiz enerji" mərkəzinə çevrilmək üçün islahatlar və investisiyalar lazımdır
- 02 sentyabr, 2025
- 17:35

Maliyyə dayanıqlığını qorumaq üçün Mərkəzi Asiya və Qafqaz ölkələri dekarbonizasiya investisiyalarının yükünü özəl sektor və beynəlxalq inkişaf tərəfdaşları ilə bölüşdürməlidirlər.
Bu barədə "Report" "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.
Asiya İnkişaf Bankının qiymətləndirmələrinə görə, 2030-cu ilə qədər regiona təxminən 120 milyard ABŞ dolları investisiya lazım olacaq. Bu isə ümumi daxili məhsulun (ÜDM) təxminən 14 %-ni təşkil edir.
Agentliyin məlumatına görə, bu vəsaitin əsas hissəsi bərpa olunan enerji mənbələrindən (hidroenergetika istisna olmaqla) elektrik enerjisi istehsalının inkişafına, enerji səmərəliliyinin artırılmasına və elektrik enerjisinin ötürülməsi infrastrukturunun modernləşdirilməsinə yönəldilməlidir.
"Moody's" qeyd edir ki, regionun bütün ölkələri artıq 2030 və ya 2050-ci ilə qədər istixana qazı emissiyalarının azaldılması ilə bağlı hədəfləri olduğunu elan ediblər, lakin bu öhdəliklərin iddialılıq dərəcəsi fərqlidir.
"Qazaxıstan 1990-cı il səviyyəsi ilə müqayisədə 2030-cu ilə qədər emissiyaları 15 % (şərtsiz) və 25 % (şərti) azaltmağı öhdəsinə götürüb. 2023-cü il Qlobal Atmosfer Tədqiqatları üçün Emissiyalar üzrə Bazanın məlumatlarına görə, ölkədə adambaşına düşən emissiya səviyyəsi 15,99 ton CO₂-ekvivalenti təşkil edib. Bu da Azərbaycan (6,17 ton), Özbəkistan (6,14 ton), Gürcüstan (5,13 ton) və Qırğızıstanın (3,11 ton) göstəricisindən əhəmiyyətli dərəcədə yüksəkdir. Regionun əksər ölkələri emissiyanı azaltmaqla bağlı mütləq hədəflərə çatmağa çalışırlar. Burada Özbəkistan istisna təşkil edir. Bu ölkə qarşısına 2010-cu il səviyyəsinə nisbətən 2030-cu ilə qədər ÜDM vahidinə düşən emissiyaları 35 % azaltmaqla bağlı hədəf qoyub. Bu, regionun əksər ölkələrinin yanaşmasından fərqlənir. Bu ölkələr mütləq azalmalara istiqamətlənirlər. Məsələn, Ermənistan 2030-cu ilə qədər 1990-cı il səviyyəsi ilə müqayisədə emissiyaları 40 % azaltmağı planlaşdırır. Azərbaycan regionda yeganə ölkə olaraq uzunmüddətli hədəf müəyyən etməklə fərqlənir. Buraya beynəlxalq dəstək şərti ilə 2050-ci ilə qədər emissiyaları 40 % azaltmaq (1990-cı il səviyyəsindən) daxildir", - hesabatda deyilir.
"Moody's" qeyd edir ki, bu gün regionun hökumətləri investisiya yükünün əsas hissəsini öz üzərinə götürür, bu zaman borc alətləri maliyyələşdirmənin təxminən 50 %-ni təşkil edir.
"Yaşıl" və dayanıqlı istiqrazlar enerji infrastrukturunu dəstəkləmək üçün əhəmiyyətli potensiala malikdir, lakin onların regionda istifadəsi hələki məhduddur", - müəlliflər hesab edirlər.
Agentliyin fikrincə, iqtisadi səmərəliliyin və institusional potensialın artırılmasına yönəlmiş struktur islahatları ölkələrə maliyyələşdirmə cəlb etməyə və regionu "təmiz enerji" mərkəzinə çevirməyə kömək edəcək.
"Moody's" həmçinin vurğulayır ki, son illərdə bir sıra ölkələrdə irəliləyiş müşahidə olunur: dövlət idarəçiliyinin səmərəlilik göstəriciləri yaxşılaşıb. Bu isə Dünya Bankının qiymətləndirmələrində və agentliyin öz reytinqlərində əks olunub. Xüsusilə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın suveren reytinqləri artırılıb ki, bu da islahatların aparılmasında müsbət dinamikanı təsdiqləyir.