İƏT üzv ölkələr üçün karbon bazarı formalaşdırmağa hazırlaşır

Energetika
  • 05 noyabr, 2025
  • 16:17
İƏT üzv ölkələr üçün karbon bazarı formalaşdırmağa hazırlaşır

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) "yaşıl investisiya"ları və emissiyaların iqtisadi cəhətdən səmərəli şəkildə azaldılmasını stimullaşdıra biləcək karbon bazarının formalaşdırılması məqsədilə müvafiq addımlar atılır.

Bunu "Report"a eksklüziv müsahibəsində İƏT-in baş katibi doktor Əsəd M.Xan deyib.

"İƏT-in üzvü olan bir çox ölkə artıq iqlim dəyişikliyinə uyğunlaşma və fəlakətlərə dayanıqlığın gücləndirilməsi üçün milli tədbirlər həyata keçirsə də, regional əlaqələndirmə səviyyəsi hələ də qeyri-bərabər olaraq qalır - imkanlar, maliyyələşdirmə və idarəetmə yanaşmaları fərqlənir", - baş katib qeyd edib.

Onun sözlərinə görə, bu kontekstdə İƏT vasitəçi və bilik mübadiləsi üçün platforma rolunu oynayır, ölkələrə iqlim siyasətini razılaşdırmağa, pilot təşəbbüsləri genişləndirməyə və birgə mexanizmlər qurmağa kömək edir.

"Bu, regionun dayanıqlı, aşağı karbonlu iqtisadiyyata keçidinə və onun iqlim dəyişikliyinə dayanıqlığının gücləndirilməsinə şərait yaradır", - Əsəd M.Xan əlavə edib.

Baş katib vurğulayıb ki, Azərbaycan Xəzər dənizi, Qafqaz və Mərkəzi Asiya arasındakı coğrafi mövqeyindən səmərəli istifadə edərək iqlim, enerji, kənd təsərrüfatı və sənaye sahələrində regional əməkdaşlığın inkişafına töhfə verir və bununla da İƏT-in fəaliyyətində strateji və fəal rol oynayır.

"Azərbaycanın irəli sürdüyü əsas təşəbbüslər arasında enerji səmərəliliyi və bərpa olunan enerji bazarlarının inkişafına töhfə verəcək İƏT Təmiz Enerji Mərkəzinin yaradılmasını, eləcə də resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyatın inkişafını nəzərdə tutan RESCUE birgə təşəbbüsünü qeyd etmək olar", - o vurğulayıb.

Əsəd M.Xan xatırladıb ki, nizamnaməsi 2025-ci il avqustun 26-da qüvvəyə minən ECO-UNIDO Təmiz Enerji Mərkəzi regionda enerji keçidini sürətləndirmək üçün əsas platforma olacaq.

"Onun fəaliyyəti aşağı karbonlu və iqlim dəyişikliyinə davamlı enerji infrastrukturunun, daha yüksək əlavə dəyərə malik istehsal və xidmətlərin inkişafına kömək etməyə, həmçinin Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərin Qlobal Şəbəkəsi (GN-SEC) çərçivəsində İƏT ölkələri arasında bilik və texnologiyaların ötürülməsini asanlaşdırmağa xidmət edəcək", – baş katib qeyd edib.

Əsəd M.Xan vurğulayıb ki, Mərkəz xüsusilə müasir BOEM texnologiyalarına çıxışı məhdud olan ölkələr də daxil olmaqla, üzv ölkələrin ehtiyaclarına uyğunlaşdırılmış praktik layihələrə diqqət yetirəcək.

"CECECO yerlərdə həllərin tətbiqi üçün texniki yardımın göstərilməsini, mütəxəssislərin hazırlanmasını və investisiyaların səfərbər edilməsini təmin edəcək. Mərkəz investisiyaların səfərbər edilməsi və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq vasitəsilə İƏT məkanında dinamik regional təmiz enerji bazarı üçün zəmin yaradacaq və dayanıqlı sənaye artımına təkan verəcək", - o əlavə edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti