Hikmət Abdullayev: "SOCAR dekarbonizasiya planlarını yeniləyib"

Energetika
  • 01 iyun, 2026
  • 15:37
Hikmət Abdullayev: SOCAR dekarbonizasiya planlarını yeniləyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni iqlim hədəflərinə uyğun dekarbonizasiya planlarını yeniləyib.

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse prezidentinin müavini Hikmət Abdullayev Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, SOCAR ölkənin yeni iqlim öhdəliklərinə uyğun olaraq dekarbonizasiya strategiyasını yenidən formalaşdırır və emissiyaların azaldılması istiqamətində fəaliyyətini gücləndirir.

"Biz SOCAR olaraq bu sənədi təhlil etdik və öz hədəflərimizi, eləcə də dekarbonizasiya fəaliyyətimizi ölkə səviyyəsində müəyyən olunan məqsədlərlə uyğunlaşdırmağa başladıq. Çünki ölkənin ümumi emissiya izində ən böyük paya malik qurumlardan biriyik", – deyə o qeyd edib.

H.Abdullayev vurğulayıb ki, həm dövlət, həm də şirkət səviyyəsində əsas məqsəd enerji təchizatının etibarlılığını qorumaqla emissiyaların azaldılmasına nail olmaqdır:

"Bu iki istiqamət bizim üçün bir-birinə zidd deyil. Müştərilərə sabit və təhlükəsiz enerji təmin etmək, eyni zamanda emissiyaları azaltmaq vahid strategiyanın tərkib hissəsidir. Avropa İttifaqına neft məhsulları ixrac edən şirkət kimi qurum emissiyaların azaldılması ilə bağlı getdikcə sərtləşən tənzimləmə və standartları da nəzərə almağa məcburdur. Əvvəllər kağız üzərində olan planlar, ambisiyalar və ideyalar artıq əməli fəaliyyətə çevrilməlidir. Bu tələblər bizi konkret addımlar atmağa sövq edir".

O qeyd edib ki, SOCAR yaxın onillikdə özünü klassik neft-qaz şirkətindən daha geniş profilli enerji şirkətinə çevirməyi hədəfləyir: "Son bir neçə ildə dekarbonizasiya yanaşmasını gündəlik fəaliyyətimizin ayrılmaz hissəsinə çevirməyə çalışırıq. Məqsədimiz mövcud istehsal səviyyəsini qorumaq, enerji portfelimizi şaxələndirmək və eyni zamanda əsas fəaliyyət istiqamətlərimizin karbonsuzlaşdırılmasına ciddi resurslar yönəltməkdir".