NATO beş illik maliyyələşdirmə planını təsdiqləyib
- 23 iyul, 2026
- 01:02
NATO Şurası çərşənbə günü alyansın müdafiə və mülki layihələrinə investisiyaların həyata keçirilməsi qaydasını müəyyən edən 2027-2031-ci illər üzrə ümumi maliyyələşdirmə planını təsdiqləyib.
"Report"un NATO-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qərar təhlükəsizlik sahəsində daha mürəkkəb vəziyyət fonunda qurumun artan ambisiyalarına uyğun olaraq qəbul edilib.
Qərar çərçivəsində müttəfiq ölkələr 2027-ci il üçün hərbi və mülki büdcələr, eləcə də NATO-nun təhlükəsizlik investisiyaları proqramı üzrə maliyyə limitlərini razılaşdırıblar. Bunun nəticəsində ümumi maliyyələşdirmənin həcmi 6,5 milyard avroya çatdırılıb.
Şimali Atlantika Şurası, həmçinin 2031-ci ilədək yanacaq anbarlarının, boru kəmərlərinin və yanacağın daşınması və paylanması sistemlərinin modernləşdirilməsi üçün 27 milyard avroluq planı təsdiqləyib.
Sənəddə qeyd olunub ki, 27 milyard avro həcmində investisiyalar mövcud yanacaq saxlama və paylama infrastrukturunun yenilənməsinə imkan verəcək. Plan çərçivəsində, o cümlədən Alyansın şərq və cənub-şərq istiqamətlərində yeni boru kəmərlərinin tikintisi və NATO qüvvələrinin tam döyüş hazırlığını qorumaq üçün zəruri enerji resursları ilə təmin edilməsi nəzərdə tutulur.