BMT: Dünya üzrə əmtəə dövriyyəsi 12,5 faiz artıb

Digər ölkələr
  • 23 iyul, 2026
  • 03:00
BMT: Dünya üzrə əmtəə dövriyyəsi 12,5 faiz artıb

2026-cı ilin ilk yarısında dünya üzrə əmtəə dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artıb. Artım əsasən Hörmüz boğazından gəmiçilikdə yaranan fasilələr və enerji daşıyıcılarının tədarükü ilə bağlı narahatlıqlar fonunda qiymətlərin yüksəlməsi hesabına baş verib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında bildirilib.

"2026-cı ilin ilk yarısında qlobal əmtəə dövriyyəsi təxminən 13,7 trilyon dollara çatıb ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisindən 12,5 faiz çoxdur. Xidmətlər üzrə ticarətin həcmi isə 10,5 faiz artıb", – hesabatda qeyd olunub.

Təşkilatın məlumatına görə, bu artımın əhəmiyyətli hissəsi ticarət həcminin genişlənməsi ilə deyil, əsasən qiymətlərin yüksəlməsi ilə bağlıdır.

UNCTAD hesab edir ki, Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr və enerji daşıyıcılarının tədarükü ilə bağlı qeyri-müəyyənlik enerji, nəqliyyat, logistika və istehsal xərclərinin artmasına səbəb olub. Bu amillər isə qlobal ticarətin dəyərinə əhəmiyyətli təsir göstərib.