Cavid Abdullayev: "Azərbaycanda "yaşıl enerji" ilə bağlı potensialın reallaşdırılmasında problemlər var"
- 29 oktyabr, 2025
- 12:05
Azərbaycanda bərpa olunan enerji mənbələri ilə bağlı iqtisadi potensialın reallaşdırılmasında problemlər var.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri ilə bağlı layihələrin həyata keçirilməsinə bir çox amillər təsir göstərir: "Birincisi, potensial ilə bağlı məsələdir. Söhbət bərpa olunan mənbələrlə bağlı texniki və iqtisadi potensialdan gedir. Azərbaycanın bu sahədə texniki potensialı kifayət qədər böyükdür. Amma digər məsələ iqtisadi potensial ilə əlaqədardır. Söhbət bu potensialın hansı hissəsinin reallaşdırıla bilinib-bilinməməsindən gedir".
O vurğulayıb ki, iqtisadi potensialın reallaşdırılması ilə bağlı çox sayda problem ortaya çıxır: "Məsələn, hər hansı bərpa olunan enerji layihəsinin həyata keçiriləcəyi ərazidə kiminsə başqa layihəsi ola bilər. Dənizdə də müxtəlif məhdudiyyətlər ola bilər. Bu istiqamətdə "SOCAR Green" ilə intensiv və ciddi işlər görülür. Bərpa olunan enerji mənbələri ilə bağlı layihələrdə adətən iqtisadi potensialımız 20 %-ə yaxın qalır. Yəni biz bu həcmdə iqtisadi potensialı reallaşdıra bilirik. İkinci məsələ isə investisiya, kommersiya şərtləri, şirkətlərin və onların portfellərinin öyrənilməsidir. Bu da geniş aspekt tələb edir. Üçüncü hissə bunun texniki məsələlərdir. Təhlillərimizə əsasən, 2027-ci ilin sonuna qədər 2 qigavat bərpa olunan enerji mənbələrini Azərbaycan şəbəkəsinə ötürə bilərik".