Lerikdə "Eko Festival" keçirilir
- 29 oktyabr, 2025
- 14:04
Lerik rayonunda "Eko Festival" təşkil olunub.
"Report"un Lerikə ezam edilmiş əməkdaşı xəbər verir ki, "Lerik Eko Festivalı" Dövlət Turizm Agentliyi Lənkəran Regional Turizm İdarəsi ilə Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
Qeyd olunub ki, Lerikdə ilk dəfə keçirilən bu festival təbiətin biomüxtəlifliyinin, cənub bölgəsinə xas qonaqpərvərliyin, zəngin adət-ənənələrin və qədim mədəniyyətin təqdimatını özündə birləşdirir.
Bildirilib ki. festivalın əsas məqsədi yerli turizm məhsullarının tanıdılması ilə yanaşı bölgə turizmində mövsümilik amilini aradan qaldırmaq, kənd turizminə dəstək olmaq, yerli adət ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda eko turizm və aqrobiomüxtəliflik ehtiyatlarının təşviqi, yerli fermerlərin turizm sahəsində inkişafına töhfə verməkdir.
Festivalda yerli istehsalçılar, dövlət qurumlarının əməkdaşları və sənaye sektoru təmsilçilərinin iştirakı ilə biomüxtəliflik, aqroturizm, qastronomiya üzrə müxtəlif təqdimatlar, sərgilər təşkil ediləcək. 50-dan çox yerli istehsalçı ilə turizm sənayesi nümayəndələrinin iştirak etdiyi festivalda yerli məhsulların satış yarmarkası, həmçinin dequstasiya və ustad təqdimatları keçiriləcək, idmançıların çıxışları olacaq.
Ziyarətçilərə cənub bölgəsinin turizm məhsulları, eləcə də təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaradılıb. Festivalın ikinci hissəsində konsert proqramı təqdim edilib.