"Azərişıq": BOEM inteqrasiyası üçün Azərbaycana müasir proqnozlaşdırma mexanizmi lazımdır
- 26 sentyabr, 2025
- 12:46

Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) ümumi enerji şəbəkəsinə inteqrasiyası üçün əsas alət olacaq sistemə, həmçinin tam proqnozlaşdırma mexanizminə ehtiyac var.
"Report" xəbər verir ki, bunu "Azərişıq" ASC-nin külək enerjisi şöbəsinin rəhbəri Rasim Əliyev Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbirində bildirib.
"Bu gün ölkədə BOEM sahəsində çoxsaylı layihələr həyata keçirilir. Bu, gələcəkdə böyük əhəmiyyət kəsb edəcək. İstismar zamanı SCADA-nın məlumatlarına əsaslanan proqnozlaşdırıcı texniki xidmətin istifadəsi vacibdir. Bu, fundamental əhəmiyyətə malikdir. Hazırda köhnəlmiş metodlar - profilaktik və korrektəedici xidmətlər tətbiq edilir. Lakin onlar çox da səmərəli deyil. Prediktiv yanaşma nasazlıqları hələ yaranmadan aşkarlamağa imkan verir. Bu da xərcləri azaldır, vaxta qənaət edir və elektrik enerjisi istehsalının proqnozlaşdırılması dəqiqliyini artırır", - R.Əliyev qeyd edib.