"Qızların təhsilinə dəstək" təqaüd proqramının qazananları mükafatlandırılıb
- 27 oktyabr, 2025
- 17:00
Builki "Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək" təqaüd proqramının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsil İnkişaf Fondunun İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlı və qonaqlar iştirak edib.
Dövlət Komitəsinin sədri bildirib ki, təqaüd proqramını qazanan qızlar 57 rayonun 16 şəhəri təmsil edirlər:
"İlk dəfə Naxçıvandan da 14 nəfər layihəyə qoşulub. Mühəndislik, texnologiya informasiya elmləri ixtisaslarına qəbul olunan gənc qızlarımızın sayı nəzərəçarpacaq dərəcədə artıb. Data analitika üzrə təhsil alan qızlar bu il ilk dəfə layihəyə qazanıblar. BDU-dan bu təqaüd 23 nəfərə şamil olunub. Artıq 5 ildir ki, Hənifə Məlikə və Zərdabi adına "Qızların təhsilinə dəstək" təqaüd proqramı uğurla həyata keçirilir. Bu müddət ərzində 238 gənc qız bu proqramdan faydalanaraq təhsillərini davam etdirmək imkanı qazanıb. Hazırda isə Təhsil İnkişaf Fondu tərəfindən icra edilən "Parlaq Zəka", "Zərif Mühəndislər" və "Hənifə Məlikə və Zərdabi" təqaüd proqramları vasitəsilə ümumilikdə 429 tələbə qızın təhsilinə dəstək göstərilir".
B.Muradova vurğulayıb ki, bu rəqəmlər Azərbaycan dövlətinin son illərdə çox böyük sərmayələr yatırdığı, müasir və innovativ infrastruktur layihələrini həyata keçirdiyi təhsil sisteminin ümumi statistikasında yəni yüz minlərlə tələbə arasında, nisbətən kiçik bir göstərici kimi görünə bilər:
"Amma bu kiçik rəqəmlər böyük mənəvi və strateji məna daşıyır. Çünki bu proqramların hər biri gənc qızın həyatına yön verən, onun öz gələcəyini qurmasına imkan yaradan bir dəyişimin başlanğıcıdır. Bu dəyişimin hər bir iştirakçısında Azərbaycan dövlətinin qadınların və gənclərin inkişafına verdiyi önəmin canlı təcəssümünü görürük".
Nazir Emin Əmrullayev qeyd edib ki, hələ də qadınların və qızların təhsili ilə bağlı görülməli, həll edilməli bir çox məsələlər var:
"Biz hələ bu yolun başlanğıcındayıq. Əhalinin təxminən yarısı qadınlardır və bu yarısını kənarda qoymaq, təhsilin yarısını kənarda qoymaq deməkdir Aparılan araşdırmalar göstərir ki, ali təhsil almış anaların həm oxu, həm də bilik bacarıqları daha yüksək olur və onların övladlarının da savadlı olma ehtimalı artır".
Onun sözlərinə görə, dördüncü sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur:
"Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır".
İ.Bayramlı isə çıxışında təqaüd proqramının məqsədi və gələcək planlar barədə ətraflı məlumat verib.
Daha sonra qaliblər təltif edilib.
Tədbir bədii hissə ilə davam edib.