Nazir: Qadınların təhsili cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdəndir
- 27 oktyabr, 2025
- 15:53
Qadınların təhsili cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdəndir.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində həyata keçirilən "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025"in təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, qadınların rolu və inkişafı ilə təhsilin inkişafı arasında sıx əlaqə var:
"Hesab edirəm ki, həm ictimai maraqlar, həm də ümumi dövlət və cəmiyyət maraqları baxımından bu təşəbbüsün dəstəklənməsi olduqca önəmlidir".
E.Əmrullayevin sözlərinə görə, uzunmüddətli perspektivdə layihədən tələbələr, dövlət qurumları, özəl sektor və bütövlükdə Azərbaycan ictimaiyyəti fayda qazanacaq:
"Artıq bu təşəbbüsün beşinci ilində yüzlərlə gənc azərbaycanlı qızın təhsilinə dəstək göstərilməsi qadın təhsilinin nə qədər vacib bir faktor olduğunu bir daha sübut edir".
"IV sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur. Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9-11-ci sinfə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır", - nazir əlavə edib.