Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub
- 15 sentyabr, 2025
- 09:57

Son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı, qəbul edilən dövlət proqramları, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun rəhbərliyi ilə ölkə ərazisində 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir olunub.
"Report"un yerli bürosu xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunun nəticəsində 1 milyon 300 mindən artıq şagirdin təhsil şəraiti və tədrisin keyfiyyəti xeyli yüksəlib:
"Ölkə rəhbərinin təşəbbüsü ilə "Böyük Qayıdış" Dövlət Proqramı ardıcıl və planlı şəkildə icra olunur. Artıq işğaldan azad olunan ərazilərdə 25 məktəb fəaliyyət göstərir və 3 mindən çox şagird təhsil alır. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi vətəndaşlarına müasir infrastrukturla təmin olunmuş məktəblərdə təhsil almaq imkanı yaratmasının bariz nümunəsidir".