Azərbaycan millisinin baş məşqçisi: "Bəhreyndəki mundialdan medalla dönəcəyimizə inanıram"
- 04 dekabr, 2025
- 14:30
Azərbaycanın parabadminton millisinin üzvlərinin Bəhreynin Manama şəhərində keçirləcək dünya çempionatından medalla dönəcəyi gözlənilir.
Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Teymur Abbasov deyib.
O, yarışın mili üzvlərinə böyük təcrübə qazandıracağını vurğulayıb:
"Bəhreyndə keçiriləcək dünya çempionatında iki kateqoriya üzrə iştirak edəcəyik. Bu yarışa ciddi hazırlaşmağı, təlim-məşq toplanışları keçirməyi planlaşdırırıq. Gözləntilərimiz, təbii ki, medaldır. İdmançılarımız gəncdirlər, düşünürəm ki, çətin olacaq. Amma bu yarış onlara böyük təcrübə qazandıracaq. Buna baxmayaraq, mundialdan medalla dönəcəyimizə inanıram".
Qeyd edək ki, dünya çempionatı 2026-cı il fevralın 7-dən 14-nə qədər təşkil olunacaq. Azərbaycan ilk dəfə yarışda iki kateqoriya üzrə təmsil olunacaq.
İdmançılardan İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, yeniyetmə paralimpiyaçılar Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi isə SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında mübarizə aparacaq.