"İbtidai sinif müəllimliyi" ixtisası üzrə xaricdə alınan kvalifikasiyaların müvəffəqiyyət göstəricisi 10 faizdir
- 16 sentyabr, 2025
- 11:38

"İbtidai sinif müəllimliyi" ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir.
"Report" xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında "İbtidai sinif müəllimliyi" ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib:
"Belə ki, sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticə göstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib. Uğursuz nəticələrin əsas hissəsi Rusiya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür".
Sədrin sözlərinə görə, təhlillər peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdin olduğunu göstərir:
"Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxsləri vəonların ailə üzvlərini yuxarıda qeyd olunan nüansları nəzərə almağa çağırırıq".
"Mühəndislik" ixtisasına gəlincə, burada müvəffəqiyyət göstəricisi cəmi 21 faiz təşkil edir:
"Xüsusən də, "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə 23 nəfərdən yalnız 1 nəfər (4%) uğurlu olub, 22 nəfər isə (96%) uğursuz nəticə əldə edib. "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə imtahanda iştirak edən 31 nəfərdən cəmi 4 nəfəri uğurlu (12%) nəticə göstərib, digər 27 nəfər (88%) isə uğursuz olub.
Uğursuz nəticələrin əsas hissəsi Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür. Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ATM-lərə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir".