Bu il 93 tələbə qız "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı"nı qazanıb
- 27 oktyabr, 2025
- 15:09
Bu il 93 tələbə qız "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı"nı qazanıb.
"Report" xəbər verir ki, bunu Təhsilin İnkişaf Fondunun İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlı jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, təqaüd proqramı 2022-ci ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir:
"Layihənin icrası dövründə 300-ə yaxın tələbə bu proqramda iştirak edib. Hazırda cari tədris ili üzrə proqram çərçivəsində 93 tələbə qızımız təqaüd dəstəyi almaq imkanı əldə edib".
İ.Bayramlı əlavə edib ki, digər gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində bir sıra əlavə təqaüd proqramları da həyata keçirilir:
"Ümumilikdə bu təqaüd proqramlarına 3 mindən çox müraciət daxil olub və 400-dən artıq tələbə qız bu proqramlarda iştirak edib. Təhsil İnkişaf Fondu olaraq bunu həm strateji bir hədəf, həm də böyük məsuliyyət kimi qiymətləndiririk. İnanırıq ki, savadlı qadın gələcəyin savadlı anası, ailənin və cəmiyyətin möhkəm təməlidir".