Alimlər: Atlantik okeanında güclü zəlzələ zonası formalaşıb
- 01 sentyabr, 2025
- 01:14

Atlantik okeanının dibində gələcəkdə dağıdıcı zəlzələlərə və sunamilərə səbəb ola biləcək yeni tektonik qırılma qeydə alınıb.
"Report"un məlumatına görə, bu barədə "Nature Geoscience" jurnalında dərc olunan araşdırmada bildirilir.
Məqalədə qeyd olunur ki, Atlantika ənənəvi olaraq seysmik cəhətdən sakit region hesab edilsə də, məlum tektonik qırılmalardan uzaqda yerləşən Portuqaliyada artıq güclü təkanlar baş verib. Belə ki, əvvəllər burada belə proseslərin qeydə alınmamasına baxmayaraq 1969-cu il zəlzələsi subduksiya zonaları - litosfer plitələrinin toqquşduğu ərazilər üçün xarakterik əlamətlər göstərib.
Alimlər seysmik stansiyaların məlumatlarını və Portuqaliyanın cənub-qərbində dəniz dibinin kompüter modelləşdirilməsinin nəticələrini müqayisə ediblər. Nəticədə mantiyanın təbəqələşməsinin əlamətlərini aşkarlayıblar. Tədqiqatçıların fikrincə, su milyonlarla ildir ki, süxurlara nüfuz edərək onları zəiflədir və Atlantik okeanında yeni subduksiya zonasının yaranmasına şərait yaradır.
Gələcəkdə bu zonanın güclü zəlzələlərə və sunamilərə səbəb ola biləcəyi və genişmiqyaslı tektonik sürüşmələrə səbəb ola biləcəyi proqnozlaşdırılır. Alimlər uzunmüddətli perspektivdə hətta Afrika, Avropa və Amerikanın vahid superqitədə birləşməsinə güman edirlər.