Latviyanın sabiq prezidenti: "İqlimlə bağlı miqrasiya qlobal sabitlik üçün ciddi təhlükəyə çevrilir"
- 29 sentyabr, 2025
- 14:57

Dünyada iqlim səbəbindən baş verən miqrasiya bu əsrdə qlobal sabitlik üçün ciddi təhlükəyə çevrilir.
"Report" xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti Raimonds Vējonis "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
Onun sözlərinə görə, ölkələr iqlim dəyişikliyi ilə mübarizədə bir neçə istiqamətdə hərəkət etməlidirlər: "İlk növbədə dünyada müharibələri sona çatdırmalıyıq. Atılan hər güllə, düşən hər bomba yalnız insan həyatını yox etmir, həm də iqlim davamlılığımızı məhv edir".
Qonaq əlavə edib ki, dünyada emissiyalar və fosil yanacaqlarından asılılıq azaldılmalıdır: "Yenilənə bilən enerji yalnız planetimizi xilas etmək üçün deyil, həm də neft və qazla bağlı geosiyasi gərginlikləri azaltmaq üçündür. Adaptasiyaya sərmayə qoymalıyıq. Ağıllı kənd təsərrüfatı sistemlərindən istifadə genişlənməlidir. Bunlar, həm sülhün, həm də iqlim davamlılığının alətləridir. İqlim səbəbinə görə yerlərini tərk edən məcburi köçkünləri qorumalıyıq. Onlar görünməz olmamalıdır və beynəlxalq dəstək mexanizmləri vasitəsilə qorunmalıdır. Qlobal əməkdaşlığı gücləndirməliyik. Heç bir ölkə bunu tək başına həll edə bilməz. Paris Sazişindən regional iqlim kompromislərinə qədər əməkdaşlıq həm sabitlik, həm də qlobal istiləşməyə qarşı ən güclü silahımızdır".
R.Vējonis vurğulayıb ki, iqlim dəyişikliyi gələcəyin problemi deyil: "Dünya hazırda iqlim dəyişikliyinin təsirləri ilə üzləşib".
Bundan başqa, onun sözlərinə görə, hər gün 60 mindən çox kişi, qadın və uşaq tufanlar, daşqınlar və quraqlıqlar səbəbindən evlərini tərk etməyə məcbur olur.
"2022-ci ildə iqlim fəlakətləri 32 milyondan çox insanı yurd-yuvasından didərgin düşüb. Əgər mövcud tendensiyalar davam etsə, Dünya Bankının xəbərdarlığına görə, 2050-ci ilə qədər 216 milyona yaxın insan miqranta çevriləcək. Bunlar abstrakt rəqəmlər deyil. Onlar ailələrdir, fermerlərdir, uşaqlardır. Onlar dağılmış icmalardır. Biz aydın şəkildə deməliyik: hər bir müharibə quraqlıqdan və ya fırtınadan başlamır. Müharibələri zorakılığı seçən, aqressorlardır. Amma iqlim dəyişikliyi bu riskləri çoxaldır. İqlim dəyişikliyi gərgin olan cəmiyyətlərə əlavə təzyiq yaradır. Ona görə də, siyasi qərarlar müharibələri başlatsa da, iqlim dəyişikliyi onların sona çatmasını çətinləşdirir", - deyə R.Vējonis qeyd edib.