Azərbaycandakı dini konfessiyalar Vaşinqton bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər

Din
  • 24 sentyabr, 2025
  • 12:46
Azərbaycandakı dini konfessiyalar Vaşinqton bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar Vaşinqton bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

"Report" xəbər verir ki, bəyanat Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasının Anım gününə həsr edilən iclasında qəbul olunub.

QMİ sədrinin müavini Qəmər Cavadlının oxuduğu bəyanat mətnində deyilir:

"Biz Azarbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyev cənablarının "Konstitusiya və Suverenlik ili elan etdiyi 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığı misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını ifadə etməkdən böyük şərəf duyuruq.

Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş İlham Əliyev beynəlxalq müstəvidə qələbəmizi bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. 2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp va Ermanistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən Zirvə görüşünün nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, onun uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq dəyərləndiririk. Azərbaycan Prezidentinin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulu zamanı imzalanan sənədlərin dəyər və mahiyyəti onların tarixi əhəmiyyətini müəyyən edir.

Azərbaycana qarşı uzun illər ərzində qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkəranə şəkildə ləğv edilməsi Azərbaycanın dövlət rəhbərinə olan ehtiram və etimadın təcəssümü, Prezidentin şəxsində Azərbaycan dövlətinə edilən mühüm dəstək aktı oldu.

Bölgədə yeni bir dövrün başlanğıcını qoyan Birgə Bəyannamə təkcə dövlətlərarası münasibətlərin normallaşmasının deyil, həm də sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir. ATƏT-in Minsk Qrupu və onunla bağlı strukturların fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapandığını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edildiyini göstərir.

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsinin reallaşdırılması, heç şübhəsiz, regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır. Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixi sənəd münaqişə səhifəsinin qapanmasını, revanşizm meyllərinin istisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillər üçün parlaq imkanlar açır.

Beləliklə, dövlət başçısı İlham Əliyev Azərbaycan xalqına dünya miqyaslı daha bir Zəfər bəxş etdi, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə, ölkə və bölgə üçün yeni perspektivlərin açılmasına nail oldu.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və dindarlar Vaşinqton razılaşmalarım sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi kimi yüksək dəyərləndirir, bu yola öz dəstək və dualarını verirlər. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən öndərimiz, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər liderimizin sülh və tərəqqi yönündə səy və əməllərinə, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinə Ulu Rəbbimizdən rəvac diləyirik. Uca Yaradan xalqımızı, Vətənimizi, dövlətimizi və qalib dövlət rəhbərimizi qorusun! Amin!"

Son xəbərlər

Bütün Xəbər Lenti