Tramp Ukraynanın öz ərazilərini tam olaraq geri qaytara biləcəyini qeyd edib
- 24 sentyabr, 2025
- 00:35

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Avropa İttifaqının dəstəyi ilə bütün işğal olunmuş ərazilərini geri qaytara biləcəyini istisna etməyib.
"Report"un məlumatına görə, ABŞ lideri bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün nəticələrinə dair "Truth Social" sosial şəbəkəsində yazıb.
"Ukrayna ilə Rusiya arasındakı hərbi və iqtisadi vəziyyəti öyrənib tam başa düşdükdən və bunun Rusiyaya yaratdığı iqtisadi problemləri gördükdən sonra düşünürəm ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə mübarizə aparmaq və ərazi bütövlüyünü bərpa etmək imkanına malikdir. Zamanla, səbir və Avropanın, xüsusilə NATO-nun maliyyə dəstəyi ilə bu müharibənin başladığı ilkin sərhədlərə qayıtmaq tamamilə mümkündür. Niyə də olmasın?" – deyə Tramp bildirib.
Onun sözlərinə görə, Rusiya 3,5 ildir, mənasız müharibə aparır və əsl hərbi güc bu müharibəni bir həftədən az müddətdə qazanmalı idi:
"Putin və Rusiya böyük iqtisadi problemlərlə üz-üzədir və indi Ukraynanın hərəkətə keçmək vaxtıdır. Hər halda, hər iki ölkəyə rifah arzulayıram. Biz NATO silahlarının tədarükünü davam etdirəcəyik ki, Alyans onlarla istədiyini edə bilsin. Hamıya uğurlar!"