Maduro: Venesuela öz ərazisindən narkotik tranzitini tamamilə dayandıracaq
- 05 sentyabr, 2025
- 06:32

Venesuelada koka plantasiyaları və ya narkotik laboratoriyaları yoxdur və yaxın gələcəkdə ölkə ərazisindən narkotik tranziti tamamilə bağlanacaq.
"Report" xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının efirində bildirib.
"BMT-nin və bir sıra ölkələrin faktiki vəziyyəti əks etdirən və ekspert yoxlamasından keçən hesabatlarına görə, Venesuela ərazisi koka plantasiyalarından və kokain laboratoriyalarından azaddır və biz tezliklə narkotiklərin tranzitini tamamilə bağlayacağıq", - Maduro deyib.
Venesuela lideri bildirib ki, Cənubi Amerikadan gələn kokainin 87 %-i Kolumbiya, Ekvador və Perudan Sakit Okean vasitəsilə, 8 %-i Kolumbiyanın La Quajira departamentinin Karib dənizi sahilləri ilə, cəmi 5 %-i isə Venesuela ərazisindən daşınmağa cəhd edilib, bunun 70 %-i ələ keçirilib.
Maduro qeyd edib ki, son illərdə narkotik ticarəti üçün istifadə edilən 402 təyyarə zərərsizləşdirilib və Venesuela tezliklə öz ərazisindən narkotik tranzitini tamamilə əngəlləyəcək.