İsrail Qəzzada yeni humanitar zonanın yaradıldığını elan edib
- 06 sentyabr, 2025
- 11:00

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhərində yeni humanitar zonanın yaradıldığını elan edib.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, burada səhra xəstəxanaları, su təchizatı sistemləri və su şirinləşdirmə qurğuları yerləşəcək, həmçinin ərzaq, dərman və çadırlarla təchizat təmin ediləcək.
Yardımın koordinasiyası BMT və beynəlxalq təşkilatlarla birgə COGAT vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda, İsrail qüvvələri Qəzza şəhərində HƏMAS-ın qalan mövqelərini nəzarətə götürmək məqsədilə Qəzza zolağının şimalında hücumu genişləndirməyə davam edir. Şəhər sakinlərinə cənuba təxliyə olunmaları tövsiyə edilir.
Bu elan BMT-nin Ümumdünya Ərzaq Proqramının Qəzza zolağının humanitar fəlakətin "astanasında" olması barədə xəbərdarlığı fonunda verilib. İsrail hökuməti hərbi əməliyyatlarla paralel olaraq cənubda humanitar dəstək infrastrukturunu gücləndirdiyini bildirir.