Valeri Çeçalaşvili: Azərbaycanın 44 günlük Vətən müharibəsi region üçün yeni imkanlar açıb
- 27 sentyabr, 2025
- 14:23

Azərbaycanın 44 günlük Vətən müharibəsi Cənubi Qafqaz üçün yeni imkanlar açıb.
Bunu Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Valeri Çeçalaşvili "Report"un yerli bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsinin təkcə ölkənin ərazi bütövlüyünün bərpasına imkan yaratmayıb, eyni zamanda bölgədə yeni siyasi şərait formalaşdırıb.
O qeyd edib ki, ərazi bütövlüyünün bərpası beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunmasına gətirib çıxarıb və bu, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yol açıb. V.Çeçalaşvili vurğulayıb ki, bu proses 8 avqustda Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə paraflanmış sənəd ilə nəticələnib.
"Məsələ yalnız Azərbaycan üçün deyil, həm də Ermənistan, Gürcüstan və bütövlükdə Cənubi Qafqaz üçün faydalıdır. Bu, bölgədə regional əməkdaşlıq üçün yeni imkanlar yaradır, investisiyaların və yükdaşımaların cəlbediciliyini artırır. Nəticədə, bütün Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və inkişaf perspektivləri üçün fundamental bir amil formalaşır", – Çeçalaşvili bildirib.