Mərakeşdə Anım günü ilə bağlı tədbir keçirilib
- 27 sentyabr, 2025
- 15:58

Mərakeşin paytaxtı Rabatda yerləşən Mərakeş Milli Kitabxanasında 27 sentyabr-Anım gününün 5-ci ildönümü ilə əlaqədar dəyirmi masa formatında tədbir baş tutub.
"Report" xəbər verir ki, Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyinin ölkənin Milli Kitabxanası və "Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti" ilə birgə təşkil etdiyi bu tədbirə dövlət rəsmiləri, icra hakimiyyəti qurumlarının təmsilçiləri, İslam dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) rəsmiləri, diplomatik korpus, media, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də Azərbaycan diaspor təmsilçiləri də olmaqla 50-dən artıq iştirakçı qatılıb. Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Anım gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin anılmasının hər bir azərbaycanlı üçün müqəddəs borc olduğunu vurğulayıb.
Ardınca çıxış etmiş "Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri Mohamed Fakiri Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin Azərbaycan xalqı üçün tarixi önəm kəsb etdiyini və bu hadisələrin Mərakeşdə də yaxından izlənildiyini qeyd edib.
Cəmiyyət rəhbəri ölkələr arasında əməkdaşlıq əlaqələrini və dostluq körpülərini möhkəmləndirməyə və bu istiqamətdə Azərbaycandan olan həmkarları ilə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bəyan edib.
İslam dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Tərəfdaşlıqlar və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Anar Kərimov ICESCO-Azərbaycan münasibətlərinə toxunub, ICESCO-nun işğaldan azad edildikdən sonra bu ərazilərə səfər etmiş ilk beynəlxalq təşkilat olduğuna diqqət çəkib.
Türkiyənin Mərakeşdəki səfiri Mustafa İlker Kılıç Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinin Türkiyədə böyük coşğu və fərəh hissi ilə qarşılandığını, "bir millət, iki dövlət" şüarı ilə hər zaman Azərbaycanın yanında olan Türkiyənin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, suverenliyinin bərpa edilməsi və inkişaf yolunda uğurlarını öz uğurları kimi qəbul etdiyini bildirib.