Ukraynaya 2026-2027-ci illər üçün maliyyə dəstəyi təklifləri hazırlanır
- 27 oktyabr, 2025
- 16:18
Avropa Komissiyası ehtiyacları təxminən 60 milyard dollar həcmində qiymətləndirilən Ukraynaya növbəti iki il üçün maliyyə dəstəyi təklifləri hazırlayır.
"Report"un Avropa bürosunun məlumatına görə, Avropa İttifaqının rəsmi nümayəndəsi Balaş Uyvari bunun Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə əsaslandığını qeyd edib.
"Avropa Komissiyası 2026-2027-ci illər üçün Ukraynaya maliyyələşdirmə mexanizminin yaradılması üzrə variantlar hazırlayır, o cümlədən dondurulmuş Rusiya aktivlərinə əsaslanan "təzminat krediti" konsepsiyasını müzakirə edir", - o bildirib.
Avropa İttifaqının mətbuat xidmətinin rəhbəri Paola Pinyonun sözlərinə görə, Avropa Şurasının iclasının nəticələrinə əsasən, Avropa Komissiyasına mümkün maliyyələşdirmə sxemlərini hazırlamaq tapşırılıb. Eyni zamanda, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bir daha vurğulayıb ki, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə prioritet olaraq qalır, baxmayaraq ki, "başqa seçimlər də var".