Ukrayna ilk dəfə Kleypeda terminal vasitəsilə mayeləşdirilmiş təbii qaz alacaq
- 26 fevral, 2026
- 14:25
Ukrayna ilk dəfə Litvanın Kleypeda şəhərindəki terminal vasitəsilə mayeləşdirilmiş təbii qaz (LNG) partiyasını alacaq.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə "Naftoqaz" qrupu məlumat yayıb.
"Ignitis Group" ilə birgə 90 milyon kubmetr qazın tədarükünü təmin etdik. Bu, bu ilin fevral-mart ayları ərzində davam edəcək. Qazın Ukraynaya çatdırılmasını "Naftoqaz" özü təmin edəcək", – məlumatda qeyd olunub.
"Ukrayna Naftoqaz" milli səhmdar şirkətinin idarə heyətinin sədri Sergey Koretskinin qeyd edib ki, Kleypeda vasitəsilə dəhlizin açılması Ukrayna üçün qaz tədarükü marşrutlarının şaxələndirilməsində daha bir addımdır:
"Biz müharibə və Rusiyanın enerji infrastrukturuna sistemli hücumları şəraitində resursun etibarlı və çevik tədarükünü təmin etmək üçün avropalı tərəfdaşlarla əməkdaşlığı ardıcıl olaraq genişləndiririk".
Eyni zamanda Litvanın energetika naziri Jiqimantas Vayçyunasın sözlərinə görə, Kleypedadakı LNG terminalı Avropada ən fəal istifadə olunan terminallardan biridir və onun vasitəsilə qazın etibarlı tədarükünə töhfə vermək və Ukraynadakı tərəfdaşların enerji təhlükəsizliyini gücləndirmək mümkündür.
"Naftoqaz"da qeyd edilib ki, Kleypeda terminalı vasitəsilə tədarük mövcud mayeləşdirilmiş təbii qaz idxalı marşrutlarını tamamlayır və ayrı-ayrı istiqamətlərdən asılılığı azaldaraq, sistemin çevikliyini artıraraq Ukraynanın qaz təchizatının dayanıqlığını gücləndirir.