Kubanın enerji sistemindəki nasazlığa görə tədbirlər görülür - YENİLƏNİB
- 07 iyul, 2026
- 01:57
Kubada milli elektroenergetika sistemindəki nasazlıqdan sonra həyat təminatı obyektlərinin fəaliyyətini bərpa etmək üçün mikrosistemlər işə salınıb.
"Report" xəbər verir ki, bu barədə UNE dövlət enerji şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, mikrosistemlər ölkənin bütün ərazisində fəaliyyət göstərir. Bundan əlavə, qəzadan sonra paytaxt regionunda "Energas Boca de Jaruco" elektrik stansiyasının iki enerji bloku istismara verilib.
Kubanın milli elektrik şəbəkəsi bazar ertəsi günorta saatlarında çökərək təxminən 10 milyon sakini işıqsız qoyub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin elektrik şəbəkəsi operatoru olan UNE məlumat yayıb.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır, hadisənin səbəbləri aydınlaşdırılır.
Bildirilib ki, Kuba qismən köhnəlmiş infrastruktur və adaya yanacaq tədarükünün qarşısını alan ABŞ blokadası ilə əlaqədar olaraq bir neçə aydır ki, elektrik enerjisi kəsintiləri ilə üzləşir.
Kuba uzun illər davam edən iqtisadi böhran zamanı elektrik enerjisi təchizatının təmin edilməsində dəfələrlə çətinliklər yaşayıb, lakin hazırda ABŞ rəhbərliyi tərəfindən artan təzyiq altında misli görünməmiş bir vəziyyətə düşüb.