Tusk: Polşa dron əleyhinə sistemlər yaratmaq üçün Ukrayna ilə əməkdaşlıq edəcək
- 12 sentyabr, 2025
- 00:52

Polşa dron əleyhinə sistemlər yaratmaq üçün Ukrayna ilə əməkdaşlığa başlayır.
"Report"un "TVP İnfo" telekanalına istinadən xəbərinə görə, bunu Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Polşanın Baş naziri Donald Tusk deyib.
"Biz həmçinin Ukrayna ilə dron əleyhinə sistemlər kontekstində sıx əməkdaşlıq edəcəyik. Dünən telefonla danışdığım Ukrayna Prezidenti Volodimir Zelenskinin təklifini məmnuniyyətlə qəbul etdim", - o qeyd edib.
Tuskun sözlərinə görə, tərəflər artıq texniki detalları müzakirə ediblər.
"Bu gün (xarici işlər naziri Radoslav) Sikorski Kiyevə getdi, çərşənbə axşamı baş nazirin müavini, (milli müdafiə naziri Vladislav) Kosiniyak-Kamış ora gedəcək və hazırda bu mövzunu ən yaxşı bilənlər, mütəxəssislər, o cümlədən hərbçilər Ukrayna təcrübəsini Polşada necə uyğunlaşdırmaq barədə danışırlar", - o əlavə edib.