Tusk: Polşa Aİ-nin hərbiləşdirmə fondunun ən böyük alıcısı olacaq
- 09 sentyabr, 2025
- 22:44

Polşa Avropa İttifaqının (Aİ) militarizasiya fondundan (SAFE) on milyardlarla avro kredit alacaq.
"Report"un məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk hökumətin iclasından əvvəl keçirdiyi mətbuat konfransında deyib.
"Mənə təfərrüatları açıqlamaq səlahiyyəti verilmir. Lakin biz bu maliyyədən istifadə baxımından Polşanın tamamilə dominant mövqeyi barədə tam əminliklə danışa bilərik", - Tusk qeyd edib.
O xatırladıb ki, sentyabrın 9-da Avropa Komissiyası ümumi həcmi 150 milyard avro olan SAFE-dən kredit almaq üçün müraciət etmiş ölkələr arasında vəsaitlərin bölüşdürülməsini elan etməlidir. Polşa ən azı 45 milyard avro almağı düşünür.
May ayında məlum olub ki, Aİ Şurası 150 milyard avroluq Aİ-nin hərbiləşdirmə fondunun yaradılmasını təsdiqləyib.
SAFE vasitəsilə Aİ 150 milyard avroya qədər vəsait təmin edəcək. Bu, tələb və milli planlar əsasında maraqlı üzv dövlətlərə ödəniləcək. Ödənişlər rəqabətli qiymətlərlə uzunmüddətli kreditlər şəklində veriləcək.