G7 ölkələri Ukraynada atəşkəsə çağırış edib
- 13 noyabr, 2025
- 03:41
"Böyük Yeddilik" (G7) ölkələri Ukraynada dərhal atəşkəsin elan edilməsinin və danışıqların başlanmasının vacibliyini bəyan edib.
"Report"un məlumatına görə, bu barədə Kanadanın Ontario vilayətində keçirilən görüşdən sonra G7-yə üzv ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub.
"Biz dərhal atəşkəsin vacibliyini vurğulayırıq. Hazırkı təmas xəttinin danışıqlar üçün başlanğıc nöqtəsi olmasına razıyıq", – Kanadanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan sənəddə bildirilib. Kanada hazırda G7-yə sədrlik edir.
G7 ölkələri həmçinin Ukraynanın maliyyələşdirilməsi məsələlərini, o cümlədən Rusiya Federasiyasının dondurulmuş aktivləri hesabına maliyyə dəstəyini müzakirə edib.
"Biz maliyyələşdirmə ilə bağlı geniş spektrli variantların müzakirəsinin davam etdiyini, o cümlədən Ukraynaya dəstək məqsədilə yurisdiksiyamızda immobilizasiya edilmiş Rusiya suveren aktivlərinin koordinasiyalı şəkildə istifadəsinin nəzərdən keçirildiyini qeyd etdik", – bəyanatda vurğulanıb.
"Böyük Yeddilik" həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna son birbaşa hücumlarını qınayıb və ölkənin enerji təhlükəsizliyinə dəstəyi təsdiqləyib.