İraq Baş nazirinin koalisiyası parlament seçkilərində qalib gəlib
- 13 noyabr, 2025
- 01:26
İraqın hazırkı baş naziri Məhəmməd əs-Sudani tərəfindən rəhbərlik edilən "Quruculuq və İnkişaf Koalisiyası" Ərəb Respublikasının Nümayəndələr Şurasına (parlament) keçirilən seçkilərdə qalib gəlib.
"Report"un məlumatına görə, bu, İraqın Müstəqil Seçki Komissiyasının dərc etdiyi ilkin nəticələrdən aydın olub.
Koalisiya Bağdadda 410 mindən çox səs toplayıb, həmçinin İraqın cənubundakı Ən-Nəcəf və Kərbəla vilayətlərində də üstünlük əldə edib.
"Hamını ölkənin maraqlarını ön planda tutmağa və seçicilərin iradəsinə hörmət etməyə çağırırıq", - ilkin nəticələrin açıqlanmasından sonra əs-Sudani bildirib. Onun INA agentliyi tərəfindən yayılan sözlərinə görə, növbəti mərhələnin məqsədi proqramlarını həyata keçirə biləcək yeni hökumətin formalaşdırılmasıdır. O həmçinin koalisiyasının "bütün tərəflərlə əməkdaşlığa açıq olduğunu" təsdiqləyib.
İlkin nəticələrə əsasən, Bağdadda ikinci yeri keçmiş parlament sədri Məhəmməd əl-Halbusi tərəfindən idarə olunan "Tərəqqi" bloku tutub. Blok 284 109 seçicinin dəstəyini qazanıb. Üçüncü yerdə isə keçmiş baş nazir Nuri əl-Maliki tərəfindən rəhbərlik edilən "Qanun dövləti" koalisiyası qərarlaşıb – 228 244 səs.
Xatırladaq ki, İraqda 9 noyabrda təhlükəsizlik qüvvələrinin əməkdaşları və məcburi köçkünlərin iştirak etdiyi xüsusi səsvermə keçirilib. 11 noyabrda isə ümumi səsvermə baş tutub. Parlamentdəki 329 mandat uğrunda 31 alyans və 38 partiyanın nümayəndələri, eləcə də müstəqil namizədlər mübarizə aparıblar. Ümumilikdə 7 768 namizəd qeydiyyatdan keçib, onların 2 248-i qadındır.