Si Cinpin Trampı birtərəfli ticarət tədbirləri tətbiq etməməyə çağırıb
- 19 sentyabr, 2025
- 23:42

Çin Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığında Birləşmiş Ştatları birtərəfli məhdudiyyətlər qoyaraq iki ölkə arasında ticarət əlaqələrini pozmamağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə Çinin "Global Times" qəzeti məlumat yayıb.
"ABŞ tərəflər arasında çoxsaylı məsləhətləşmələrin nəticələrinə zərbə vurmamaq üçün birtərəfli ticarət məhdudiyyətlərindən çəkinməlidir", - Si Cinpin deyib.
O, həmçinin "TikTok" sosial media platformasının ABŞ-dəkı törəmə şirkətinin satışı ilə bağlı razılaşma ilə əlaqədar Pekinin mövqeyini təkrarlayıb: danışıqların nəticəsi hər iki tərəfin maraqlarını nəzərə almalı, Çinin qanun və qaydalarını pozmamalı, bazar qaydalarına uyğun olmalıdır. Eyni zamanda, ABŞ çinli investorlar üçün ayrı-seçkiliyə yol verməyən şərtləri təmin etməlidir.
Si Cinpin Çin-ABŞ münasibətlərinin əhəmiyyətini, hər iki tərəfin Pekin, Vaiçnqton və dünyanın xeyrinə əməkdaşlıq etmək qabiliyyətini qeyd edib.