"Reuters": Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini imzalamağa hazırdır
- 18 noyabr, 2025
- 06:24
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini bu məhdudiyyətlərin tətbiqi və ya tətbiq edilməməsi ilə bağlı yekun qərar vermək səlahiyyəti onun ixtiyarında olsa, imzalamağa hazırdır.
"Report"un məlumatına görə, bunu "Reuters" agentliyinə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.
"Ağ Ev və prezident üçün həmişə vacib olub ki, sanksiya paketi istisna maddə ilə təmin edilsin və yekun qərarvermə səlahiyyəti prezidentə aid olsun. Buna görə də əgər bu, qanun layihəsinin mətninə daxil edilsə, prezident onun imzalanması imkanını nəzərdən keçirərdi", – deyə mənbə qeyd edib.
"Prezident bunu imzalayardı", – Ağ Evin nümayəndəsi sözügedən qanun layihəsini nəzərdə tutaraq təkrar edib. O, Trampın ötən axşam bu qanunvericilik təşəbbüsünü faktiki olaraq dəstəklədiyini xatırladıb.
Eyni zamanda, Ağ Evin nümayəndəsi vurğulayıb ki, Rusiya və ABŞ arasında Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar davam edir: "Biz, şübhəsiz ki, hələ də bunun üzərində işləyirik. Sadəcə xəbərlərin mərkəzində deyildi, çünki çox şey baş verir".
Xatırladaq ki, sözügedən qanun layihəsi aprelin əvvəlində senatın iki partiyalı üzvlər qrupu tərəfindən təqdim olunub. Sənədin əsas müəllifləri Cənubi Karolinadan respublikaçı senator (Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilmiş) Lindsi Qrem və Konnektikatdan demokrat senator Riçard Blyumental olub. Təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları da nəzərdə tutur. Qanunvericilərin təklifində Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxal üçün 500%-lik gömrük rüsumlarının tətbiqi məsələsi var.