Politico: Aİ Rusiyanın dondurulmuş aktivlərini borc öhdəlikləri formasında istifadə edə bilər
- 13 sentyabr, 2025
- 23:11

Avropa Komissiyasının nümayəndələri Aİ ölkələrinin maliyyə nazirlərinə Ukraynaya dondurulmuş Rusiya aktivlərinin verilməsini borc öhdəlikləri vasitəsilə həyata keçirməyi təklif ediblər.
"Report"un məlumatına görə, bu barədə "Politico" qəzeti Avropa rəsmilərinə istinadən xəbər yayıb.
Məlumata əsasən, təklif nağd depozitlərin istiqrazlara dəyişdirilməsini nəzərdə tutur. Bu istiqrazların ödənişinə isə Aİ ölkələri zəmanət verəcək.
Qeyd olunur ki, Belçika Xarici İşlər Nazirliyi, - 210 milyard avro məbləğində dondurulmuş Rusiya aktivləri onun yurisdiksiyasında yerləşir - avqust ayında bu aktivlərin müsadirə olunmasına qarşı çıxıb. Nazirlik bildirib ki, bu aktivlərin reinvestisiyasından əldə edilən gəlirlər artıq "Yeddilər qrupu"nun Ukraynaya 2040-cı ilə qədər verilməsi nəzərdə tutulan kreditlərinin təminatı kimi vəd olunub.