Pistorius: Baltik dənizi regionu Qərb və Rusiya arasında qarşıdurma meydanına çevrilir
- 18 noyabr, 2025
- 21:40
Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Baltik dənizi regionu getdikcə Qərb və Rusiya arasında qarşıdurma meydanına çevrilir.
"Report" xəbər verir ki, o, bunu noyabrın 18-də işinə başlayan 24-cü Berlin Təhlükəsizlik Konfransında səsləndirib.
Nazir bildirib ki, uzun müddət Avropa ölkələri arasında körpü hesab edilən Baltik dənizi regionu getdikcə qarşıdurma məkanına çevrilir.
O, bunun məsuliyyətini Rusiyanın üzərinə qoyaraq, Moskvanın Avropa ölkələrinin reaksiya imkanlarını sınağa çəkdiyini vurğulayıb.
Konfrans çərçivəsində Almaniyanın müdafiə naziri və onun isveçli həmkarı Pol Yonson iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan saziş imzalayıblar.
Bundan əvvəl noyabrın 15-də Pistorius "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya ilə NATO arasında müharibə 2029-cu ilə qədər başlaya bilər.