Pentaqon Yaxın Şərqdəki "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisini geri çağırır

Digər ölkələr
  • 30 aprel, 2026
  • 00:42
Pentaqon Yaxın Şərqdəki USS Gerald R. Ford təyyarədaşıyan gəmisini geri çağırır

"USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi yaxın vaxtlarda Yaxın Şərqi tərk edəcək və əsaslı təmir üçün dislokasiya bazasına qayıdacaq.

"Report" xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadən "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, gəmi Virciniya ştatındakı "Norfolk" hərbi dəniz bazasına artıq mayın ortalarında qayıda bilər, lakin dəqiq tarix naməlum olaraq qalır. Nəşr qeyd edib ki, bu, ABŞ və İran arasındakı danışıqlarda yaranmış durğunluq fonunda atəş gücünün əhəmiyyətli dərəcədə itirilməsinə gətirib çıxaracaq.

"Gəmidə 10 aya yaxındır ki, 4500-ə yaxın dənizçi xidmət edir, hazırkı vaxta qədər təyyarədaşıyan gəmi dənizdə 309 gün keçirib ki, bu da ABŞ Hərbi Dəniz Qüvvələrinin müasir gəmiləri üçün rekord müddətdir", - deyə WP yazıb. Xidmət zamanı gəmi göyərtəsindəki yanğın və texniki nasazlıqlar da daxil olmaqla, bir sıra problemlərlə üzləşib və bu səbəbdən əsaslı təmir tələb olunur.

Qeyd edək ki, "USS Gerald R. Ford" dünyanın ən böyük hərbi gəmisidir.