Odessada Rusiyanın sifarişi ilə terror aktlarının hazırlanmasında şübhəli bilinən şəxs saxlanılıb

Digər ölkələr
  • 08 sentyabr, 2025
  • 14:54
Odessada Rusiyanın sifarişi ilə terror aktlarının hazırlanmasında şübhəli bilinən şəxs saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın sifarişi ilə Odessada terror aktları hazırlamaqda şübhəli bilinən vətəndaşın saxlanıldığını bildirib.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, keçmiş dənizçi olan şəxs terror aktları üçün partlayıcı maddələr hazırlayırmış. Ehtimal olunur ki, o, hələ müharibənin əvvəlində Rusiyanın xeyrinə casusluğa cəlb edilib.

Ukraynaya gəldikdən sonra agent əvvəlcə kuratorun "test" tapşırıqlarını yerinə yetirib və şəhərə hücumların nəticələri barədə "hesabat" verib. Daha sonra ona partlayıcı maddələr hazırlamağı və onların yerləşdirilməsi üçün "prioritet" yerləri tapmağı öyrədiblər.

Ukrayna Təhlükəsizlik Xidməti onu yaşadığı yerdə saxlayıb. Həbs olunan şəxsi əmlakının müsadirəsi və 12 ilədək həbs cəzası təhlükəsi gözləyir.