Məhkəmə Trampın Portləndə milli qvardiyaçıların yerləşdirilməsi qərarının icrasını dayandırıb
- 05 oktyabr, 2025
- 04:51

Oreqon ştatının Portlənd şəhərinə 200 Milli Qvardiya əsgərinin yerləşdirilməsi müvəqqəti olaraq dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə federal hakim Karin İmmerqut qərar çıxarıb.
Müvafiq qərarın Oreqon və Portləndin idarəedici strukturlarının iddiası əsasında qəbul edildiyi bildirilib. Qeyd olunub ki, sözügedən qərar 18 oktyabradək qüvvədə qalacaq.
Qərarda bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Konstitusiya səlahiyyəti olmadan Milli Qvardiyanı federallaşdırmaq cəhdi Oreqonun suveren maraqlarını zəiflədir.
Xatırladaq ki, Tramp ötən ay "terrorizmlə mübarizə üçün" Portlənddə Milli Qvardiyanın yerləşdirilməsi haqqında sərəncam imzalayıb. Tramp analoji addımı digər ştatlar üçün də atıb. Son olaraq onun İllinoys ştatının Milli Qvardiyasından olan 300 əsgəri federal nəzarətə keçirməyə hazırlaşdığına dair xəbərlər yayılıb.