KİV: Ukrayna şirkəti Danimarkada bərk raket yanacağının istehsalına başlayacaq
- 03 sentyabr, 2025
- 04:13

Ukraynanın FPRT şirkəti Danimarkada bərk raket yanacağının istehsalına başlayacaq.
"Report"un "Danmarks Radio" və "TV2" telekanallarına istinadla verdiyi məlumata görə, istehsalat 2025-ci il dekabrın 1-dən başlayacaq və Yutlandiya yarımadasının cənubunda, Vojens şəhərindəki hərbi hava bazasının yaxınlığında həyata keçiriləcək.
FPRT tərəfindən istehsal edilən raket yanacağı şirkətin qurucusu olan "Fire Point" tərəfindən hazırlanmış "Flamingo" raketlərində istifadə olunur.
Qeyd edək ki, bu ilin iyun ayında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və ovaxtkı ukraynalı həmkarı Rüstəm Umerov arasında imzalanmış razılaşmaya əsasən, Danimarka tərəfi ukraynalı şirkətləri ölkədə dron və raket istehsalına başlamağa dəvət edib.
Danimarka hökuməti Ukrayna müəssisələrinin ölkədə yerləşdirilməsini asanlaşdırmaq üçün 500 milyon Danimarka kronu (təxminən 78 milyon ABŞ dolları) ayırıb. Bu barədə Danimarka Müdafiə Nazirliyi hələ iyun ayında məlumat yaymışdı.