KİV: Avropa İttifaqı ABŞ-yə ticarət sazişinin gələcək icrası ilə bağlı plan təklif edəcək
- 13 noyabr, 2025
- 06:25
Avropa İttifaqı (Aİ) yay aylarında əldə edilən ticarət sazişinin növbəti mərhələsinin həyata keçirilməsi planını ABŞ-yə təklif etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, plan, əsasən, idxal rüsumları, Avropa mallarının ABŞ bazarına çıxışı və rəqəmsal ticarət məsələlərinə yönələcək.
Layihə çərçivəsində Aİ-nin ABŞ-dən çiplər və mayeləşdirilmiş təbii qaz alışı prosesinə nəzarət edəcək işçi qrupun yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, iyulun 27-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp razılaşıblar ki, Vaşinqton avqustun 1-dən ABŞ-yə idxal olunan Avropa mallarının təxminən 75%-nə 15% rüsum tətbiq edəcək. Bu, Ağ Evin daha əvvəl bütün Avropa idxalına 30%-lik rüsum tətbiq etmək təhdidinə alternativ olaraq qəbul edilib. Eyni zamanda, Aİ Amerika mallarına tarif tətbiq etməyəcək. Avropa Komissiyası Rusiya enerji resurslarının hər hansı bir növünün Aİ-yə idxalını tam qadağan etməyi və 750 milyard dollar dəyərində Amerika nefti, qazı, nüvə avadanlığı və yanacağı almağı, həmçinin ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatırmağı vəd edib.