Kallas: Rusiya aktivləri əsasında kreditlər barədə qərar Aİ-nin mövqeyini gücləndirəcək
- 01 dekabr, 2025
- 19:42
Rusiyanın dondurulmuş aktivləri əsasında reparasiya kreditinə dair razılaşma, şübhəsiz ki, Avropa İttifaqının Ukraynaya müharibə zamanı vurduğu zərəri ödəməli olan Moskva ilə münasibətlərdə mövqeyini gücləndirəcək.
"Report" Avropa bürosu xəbər verir ki, bunu Aİ-nin baş diplomatı Kaya Kallas Xarici İşlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Aİ ölkələri Belçikanın əvvəlcə səsləndirdiyi riskləri öz üzərinə götürməyə hazırdır. Bu səbəbdən qanunvericilik təşəbbüsləri hazırlanır.
"Rusiyanın yerində olsaydım, Ukraynanın müdafiə üçün maliyyə alıb-almayacağını gözləyərdim", – deyə o, Belçikanın ABŞ tərəfindən başladılan sülh danışıqlarına kredit qərarının zərər verə biləcəyi ilə bağlı narahatlığına cavab verib.
Avrokomissiyanın daha əvvəl təklif etdiyi digər variantlara toxunan Kallas bildirib ki, dondurulmuş Rusiya aktivləri əsasında kreditləşmə ən real həll yoludur. Aİ-nin ayrı-ayrı üzvlərinin ikitərəfli ödənişləri Ukraynanın maliyyə ehtiyaclarını tam qarşılamır və bu yük bütün ölkələr arasında bərabər paylanmır.
"Birgə kapital cəlbi bəzi üzv dövlətlər üçün uyğun deyil. Rusiyanın Ukraynaya ödəməli olduğu reparasiyalar əslində Kiyevin pullarıdır. Rusiyanın vurduğu zərəri nəzərə alsaq, bu, ən yaxşı həll yoludur", – deyə Aİ-nin baş diplomatı vurğulayıb.
"Bir daha qeyd etmək istəyirəm ki, Belçikanın narahatlıqlarını kiçiltmirəm, lakin biz bu problemləri həll edə, riskləri birlikdə üzərimizə götürə bilərik. Hazırda isə həll üzərində işləməliyik. Bu, üç güclü siqnal göndərir: Ukraynanın özünümüdafiəsinə kömək etməyə hazır olduğumuzu; Moskvaya – vaxtın onun tərəfində olmadığını; və Vaşinqtona – çox qətiyyətli və inandırıcı addımlar atdığımızı", – deyə Kallas yekunlaşdırıb.