İsrail Suriyadan ölkənin bir hissəsinin demilitarizasiyasını tələb edib
- 25 sentyabr, 2025
- 02:55

İsrail Suriya ilə danışıqlarda qarşı tərəfin cənub-qərb hissəsinin demilitarizasiyasına və suriyalı druzların təhlükəsizliyi üçün təminat axtarır.
"Report"un məlumatına görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun Dəftərxanası xəbər yayıb.
"Suriya ilə danışıqlar gedir. Onların başa çatması İsrailin maraqlarının təmin olunmasından asılıdır, bu Suriyanın cənub-qərbinin silahsızlaşdırılması və həmin ölkədəki druzlar üçün təhlükəsizlik təminatlarından ibarətdir", - Dəftərxanadan bildirilib.
Sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ərəb ölkəsinin Prezidenti Əhməd əl-Şaraa bəyan edib ki, Suriya İsraillə müharibədən qaçmaq istəyir, çünki quruculuq prosesini davam etdirmək üçün ona sülh lazımdır. O əlavə edib ki, iki qonşu ölkə təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gələ bilər, lakin İsrail istənilən halda Suriya ərazisindən çıxmalıdır.