Fon der Lyayen: Aİ son bir ildə müdafiə sahəsində əvvəlki onilliklərdən daha çox iş görüb
- 17 dekabr, 2025
- 15:34
Son bir il ərzində Avropada müdafiə sahəsində əvvəlki onilliklərdə olduğundan daha çox iş görülüb.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa Parlamentində (AP) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropa son 10 ildə müdafiə fonduna 8 milyard avro yatırıb və 2030-cu ilədək müdafiə sahəsinə 800 milyard avroya qədər sərmayə qoyulması imkanını təmin edib.
AK sədri qeyd edib ki, İttifaq müasir münaqişələr, o cümlədən hibrid müharibələr şəraitində qabaqcıl texnologiyaları təmin edə və kütləvi istehsalı sürətlə artıra bilən müdafiə-sənaye bazasını yenidən formatlaşdırır.
Fon der Lyayen bildirib ki, hazırkı şərait Avropadan öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək və ilk növbədə öz gücünə güvənməyi tələb edir. O əlavə edib ki, dünya daha təhlükəli olub - bu, artıq münaqişələr və sərt rəqabət dünyasıdır, köhnə dünya nizamı isə keçmişdə qalıb:
"Biz, avropalılar, başqalarının dünyagörüşünün bizim baxışlarımızı müəyyənləşdirməsinə imkan verə bilmərik. Avropa haqqında deyilənlər bizi şoka salmamalıdır. Bu, Avropa haqqında təsəvvürlərin köhnəlmiş olduğunu göstərən ilk hal deyil".
AK rəhbəri dünya iqtisadiyyatındakı dəyişikliklərə də diqqət çəkib. O bildirib ki, ABŞ-nin Milli təhlükəsizlik strategiyasına görə, Avropanın dünya ÜDM-dəki payı 1990-cı ildəki 25%-dən hazırda 14%-ə düşüb. Fon der Lyayen deyib ki, analoji azalma ABŞ-də də qeydə alınıb - orada həmin göstərici 22%-dən 14%-ə, düşdüyü halda, Çinin payı 4%-dən 20%-ə yüksəlib.
"Ona görə də bu həftəki sammitdə bizim vəzifəmiz - diqqətimizi öz strateji maraqlarımıza və prioritetlərimizə yönəltməkdir. Bu, Avropanın müstəqillik anıdır", - AK sədri vurğulayıb.
O qeyd edib ki, Aİ artıq yalnız müdafiədə deyil, həm də energetikada əhəmiyyətli irəliləyişə nail olub. "REPowerEU" proqramı çərçivəsində Rusiya qazının idxalı müharibənin əvvəlindəki 45%-dən 13%-ə, kömürün idxalı 51%-dən sıfıra, xam neftin idxalı isə 26%-dən 2%-ə qədər azalıb.
Fon der Lyayenin sözlərinə görə, bu, gələcək addımlar - mühüm xammal, diversifikasiya və təchizat zəncirlərinin gücləndirilməsi üçün uyğun model olacaq.