Donor qrupunun iclasında Fələstinə dəstək üzrə sazişlər imzalanıb

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 22:56
Donor qrupunun iclasında Fələstinə dəstək üzrə sazişlər imzalanıb

Fələstin Donorlar Qrupunun (FDQ) ilk iclası çərçivəsində Almaniya, Lüksemburq, Sloveniya və İspaniya Fələstin administrasiyasına 82 milyon avrodan çox məbləğdə əlavə maliyyə dəstəyi göstərilməsi barədə yeni sazişlər imzalayıblar.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqının Aralıq dənizi məsələləri üzrə komissarı Dubravka Şuytsa Brüsseldə Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa ilə birgə mətbuat konfransında bildirib.

Bu il vəd edilən ümumi yardım məbləği 88 milyon avrodan çoxdur, buraya daha əvvəl Finlandiya, İrlandiya, İtaliya və İspaniya tərəfindən edilən ödəmələr də daxildir.

Şuytsa həmçinin qeyd edib ki, ümumilikdə Avropa İttifaqı tərəfindən təqdim olunan maliyyə vəsaitləri, o cümlədən Fələstinə dəstək üzrə çoxillik kompleks proqram çərçivəsində ayrılan 1,6 milyard avro "PEGASE" adlı maliyyə aləti vasitəsilə verilir və birbaşa Fələstində islahatların həyata keçirilməsi öhdəlikləri ilə bağlıdır.

Onun sözlərinə görə, bu mexanizm maliyyə dəstəyinin şəffaflığını təmin edir və vəsaitlərin "düzgün əllərə" çatmasına xidmət edir.

Donorlar Qrupunun ilk iclasında Avropa və ərəb ölkələri də daxil olmaqla, 60 əsas ölkənin nazirləri və yüksək vəzifəli şəxsləri, həmçinin Qəzzada sülhün nizamlanması planının potensial donorları, beynəlxalq və regional təşkilatların, maliyyə qurumlarının nümayəndələri iştirak ediblər. İştirakçılar Fələstin administrasiyasının maliyyə vəziyyətini, eləcə də İordan çayının Qərb sahilində və Qəzza sektorunda bərpa işlərinin gedişini müzakirə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti