Argentinanın müdafiə naziri 1983-cü ildən bəri ilk dəfə hərbçi olacaq
- 23 noyabr, 2025
- 02:26
General-leytenant Karlos Alberto Presti Argentinanın yeni müdafiə naziri, demokratiyanın bərpasından sonra bu vəzifəni tutan ilk hərbi zabit olacaq.
"Report" xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"Ordunun Baş Qərargahının hazırkı rəisi general-leytenant Karlos Alberto Presti vəzifəsini tərk edərək Müdafiə Nazirliyinə rəhbərlik edəcək", - deyə məlumatda bildirilir.
Presti 1976-cı ildə dövlət çevrilişi nəticəsində qurulan hərbi rejimdən sonra Argentinada demokratiyanın bərpa edildiyi 1983-cü ildən bəri ölkənin Müdafiə Nazirliyinə rəhbərlik edən ilk hərbi zabit olacaq.
"Bu, siyasi isteblişmentin davam edəcəyinə və zabitlərimizin demonizasiyasına son qoyacağına ümid etdiyimiz ənənənin başlanğıcını göstərir", - prezident administrasiyası bildirib.
Hazırkı müdafiə naziri Luis Petri parlament üzvü seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcək.