Avroparlament macar deputatları toxunulmazlıq hüququndan məhrum etməyib

Digər ölkələr
  • 23 sentyabr, 2025
  • 15:25
Avroparlament macar deputatları toxunulmazlıq hüququndan məhrum etməyib

Avropa Parlamentinin Hüquq komitəsi bu gün Budapeştin sorğusu əsasında Macarıstan müxalifətinin nümayəndələrinin və İtaliyadan olan parlament üzvünün toxunulmazlığının ləğv edilməsi ilə bağlı bir neçə müraciəti rədd edib.

"Report"un Avropa bürosunun Avropa Parlamentinə istinadən verdiyi məlumata görə, səsvermə yeni mərkəzçi "Tisa" partiyasına başçılıq edən Peter Madyar, Demokratik koalisiyadan olan Klara Dobrev və İtaliyadan olan ifrat solçu İlaria Salislə bağlı olub.

Bir vaxtlar Viktor Orbanın yaxın silahdaşı olmuş Peter Madyar son aylarda baş nazirin əsas rəqiblərindən birinə çevrilib. Siyasətçi hökumətin yüksək vəzifəli məmurlarının işini şübhə altına alan yazıları ictimaiyyətə açıqladıqdan sonra onun partiyası sürətlə dəstək qazanır.

Onun toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı bir neçə dəfə müraciət edilsə də, hər dəfə komitə tərəfindən rədd edilib. Klara Dobrev barəsində də oxşar qərar qəbul edilib.

2023-cü ildə Budapeştdə ifrat sağçı fəallara hücumda iştirak etməkdə ittiham olunan italiyalı solçu deputatla bağlı ayrıca səsvermə keçirilib. Komitə 12 səsə qarşı 13 səslə onun toxunulmazlığının ləğv edilməsinə qarşı çıxıb. Lakin Salisin toxunulmazlığı ilə bağlı məsələ oktyabrda Avropa Parlamentinin plenar iclasına çıxarılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti